19:09, 11 Oktyabr 2017 (Çərşənbə) 53

"405 cinayət işi açılıb" - Vergilər Nazirliyi

2017-ci ilin 9 ayında Vergilər nazirliyində vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı 405 cinayət işi başlanılıb.

Bu haqda nazirliyin bu gün, oktyabrın 11-də açıqladığı məlumatda yazılır.

Məlumatda bildirilir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində başlanmış cinayət işləri üzrə aparılan araşdırmalar zamanı 13 mln. 433,2 min manat vəsaitin büdcəyə ödənilməsi təmin edilib.

405 cinayət işindən 64-ü üzrə büdcədən yayındırılan vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

334 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs haqqında həbs tədbiri seçilib.

İstintaqı tamamlanan cinayət işlərindən 80 iş üzrə 90 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə məhkəmələrə göndərilib.

9 ayda vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunan 14 şəxs tutulub.

İbtidai istintaqdan yayınan 232 şəxsin məcburi qaydada gətirilməsi, 449 şəxsin isə yerinin müəyyən olunması təmin edilib.
 
mənbə: azadliq.org