Siyasət

"4 iyun qiyamında Azərbaycan, region və dünya itirdi" - İsa Qəmbər

6 İyun, 2017
3798
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 1993-cü il 4 iyun Gəncə qiyamı ilə bağlı Toplum.Tv-yə müsahibə verib. 

İsa Qəmbər Elçibəy hakimiyyəti dövründə Milli Məclisin sədri olub və o zaman hadisələrin mərkəzində olan şəxslərdəndır. 24 il əvvəl Gəncədə baş vermiş 4 iyun qiyamı ilə bağlı bəzi məqamlara aydınlıq gətirən müsahibəni oxuculara təqdim edirik: 

– 4 iyun hadisələri ilə bağlı hələ də açılmamış hansı məqamlar var? 
- İstənilən tarixi hadisə haqqında sonsuzluğa qədər danışmaq olar. Hər zaman hansısa detallar əlavə edilə bilər. Xüsusən bu tip ciddi hadisələrin minlərlə iştirakçısı olur və təbii ki, hər bir adam da öz gördüyü şəkildə, başa düşdüyü şəkildə  bu hadisə haqqında  danışa bilər. Amma mən 4 iyun hadisələrində böyük  bir sirr qaldığı fikrində deyiləm. Mahiyyət üzrə hər şey kifayət qədər aydındır. 4 iyun hadisələri xalqın seçdiyi legitim hakimiyyətə, milli-demokratik hakimiyyətə, Elçibəy hakimiyyətinə qarşı bir qiyam idi. Bu qiyamı Moskva və bəzi digər xarici qüvvələr təşkil etmişdilər. Bu qiyamda təəssüf ki, Azərbaycandan da bir sıra qüvvələr iştirak etmişdilər. O qüvvələrdən bir hissəsi Moskva şəbəkəsinə daxil olan qüvvələr idi, bir hissəsi isə hakimiyyəti hər şeydən üstün tutan, hakimiyyət naminə hər şeyə getməyə hazır olan siyasətbazlar idi. Təəssüf ki, bu siyasi qüvvələr bu qiyama dəstək veriblər, bu qiyamın iştirakçıları olublar.

 –  4 İyun hadisələri Azərbaycan cəmiyyətinə nə verdi və nələri aldı? 
- Mən yazılarımdan birində 4 iyunu 1920-ci ilin 28 apreli ilə müqayisə etmişdim. O zaman da Rusiya Azərbaycanın müstəqilliyinin qarşısını almışdı. 1993-cü ilin 4 iyunundakı hadisə də eyni xarakterli hadisə idi. Sadəcə, dövr və şərtlər başqa olduğu üçün Rusiya Azərbaycanın müstəqilliyini ləğv edə, yenidən öz tərkibinə qata bilmədi. Amma Azərbaycanın suverenliyini məhdudlaşdırdı, dövlətimizi Moskvadan asılı vəziyyətə saldı. Azərbaycanda elə qüvvələrin hakimiyyətə gəlməsinə imkan verdi ki, o qüvvələr  Rusiyadan asılılığı  özləri üçün məqbul saydılar. Azərbaycanın bir çox problemi, ilk növbədə, Qarabağ məsələsi məhz buna görə bugünə qədər həll olunmamış qalır, torpaqlarımızın işğalı bu günə qədər davam edir.  Digər tərəfdən,  4 iyun qiyamı Azərbaycanın demokratik yolla inkişafının, sosial-iqtisadi çiçəklənməyinin və xalqımızın firavan həyata qovuşmasının  qarşısını aldı. 

– Bu hadisələrdə o zaman ana müxalifət olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) səhvi və məsuliyyəti nə idi? AMİP rəhbərliyi bu hadisələr zamanı özünü necə aparmalı idi və necə apardı? 
- Söhbət bütün AMİP-çilərdən getmir, ancaq AMİP-in rəhbərliyi bu qiyama bilavasitə dəstək verənlərin arasında idi. Bunu heç kim gizlətmir, özləri də bunu əvvəllər fəxrlə deyirdilər. Sonra isə ehtiyatla danışırdılar. Həm, millət vəkili səviyyəsində Gəncədə Sürət Hüseynovun qiyamçı mərkəzində iştirak edən tanınmış AMİP-çilər var idi, həm də Bakıda AMİP-in rəhbərliyi bu qiyama tam şəkildə dəstək verib, qiyamdan yararlanmaq istəyən əsas aparıcı qüvvələrdən biri olub. Təbii ki, bu, elə bir ləkədir ki, AMİP rəhbərləri heç bir zaman bu ləkəni öz üzərlərindən silə bilməyəcəklər. 

– Elçibəy hakimiyyəti Sürət Hüseynova nə verməmişdi ki, o, hakimiyyətin etimadını doğrultmadı, sonda bu addımı atdı? Sürət Hüseynovun bu hadisələrdən qazancı nə oldu? 
- Mən məsələyə bu tərzdə yanaşmaq istəməzdim. Ayrı-ayrı şəxslərə nə verilmişdi, nəyi çatmırdı-bu, başqa söhbətdir.  Elçibəy hakimiyyəti dediyim kimi, Azərbaycanda demokratik inkişaf üçün imkanlar yaratmışdı. Azərbaycan xalqına azadlıqlar verilmişdi. Azərbaycanın hər bir vətəndaşına öz potensialını gerçəkləşdirmək imkanı verilmişdi. İstər ictimai fəaliyyət sahəsində, istər biznes sahəsində, ümumiyyətlə, şəxsiyyətin özünü təsdiq etməsi sahəsində hər cür imkanlar yaratmışdı Elçibəy hakimiyyəti. Bu qiyamçılar da Azərbaycanın vətəndaşı kimi bu imkanlardan yararlana bilərdilər. Təəssüf ki, onlar xalq hakimiyyətinin yaratdığı imkanlardan istifadə etməyi yox, qiyamı təşkil edən xarici mərkəzin diqtəsi altında  fəaliyyətə  üstünlük verdilər. Çox təəssüf ki, belə oldu. Təbii ki, nəticədə də özləri də çox ciddi şəkildə uduzdular. 

– Bəs sizin də təmsil olunduğunuz hakimiyyətin bu məsələlərdə günahı nə idi? 
- Bizim hakimiyyətin məsuliyyəti qiyamın qarşısını alınmaması idi. Bir hakimiyyət dövlətə qarşı, legitim hakimiyyətə qarşı qiyamın qarşısını almağa məsuldur. Almamışıq, mən hər zaman bunu qeyd etmişəm ki, bu, bizim hakimiyyətin məsuliyyətidir və bu məsuliyyətdən heç bir zaman yayınmamışıq. Sadəcə olaraq hakimiyyəti qoruya bilməməyin məsuliyyəti ilə xarici qüvvə ilə birləşib, xalqa qarşı cinayət etmək, dövlətə qarşı cinayət etmək, hərbi qiyam təşkil etməyin məsuliyyəti tamamilə fərqlidir. Bunları bir tərəziyə qoymaq olmaz.

– Gəncədə baş vermiş qiyamı yatırtmaq üçün hazırlanmış "Tufan" əməliyyatı niyə baş tutmadı? 
- Əməliyyata ad qoymaq bilmirəm nə qədər düzgündür. Elə bir ad qoyma mərasimi olmayıb. Qiyamı yatırmaq əməliyyatı da, məncə, yox idi. Dövlətə, hakimiyyətə tabe olmayan hərbi hissənin ləğv edilməsi proseduru nəzərdə tutulmuşdu. Həmin məqsədlə müvafiq şəxslər Gəncəyə getmişdilər. Və onlar həmin proseduru həyata keçirmək istərkən, həmin hərbi briqadanın və onun ətrafındakı qüvvələrin cinayətkar silahlı müqaviməti ilə üzbəüz qalmışdılar və qiyamın aktiv mərhələsi belə başlamışdı. 

– Bu hadisələr zamanı hakimiyyət niyə məhz Heydər Əliyevlə bölüşdürüldü, Etibar Məmmədovla yox? 
- Qiyamın ilk günlərindən Elçibəy hakimiyyəti səviyyəsində vəziyyətin dəyərləndirilməsi prosesi başlandı və səslənən ideyalardan biri hakimiyyətin siyasi müxalifətlə bölüşdürülməsi ideyası idi. İdeyanın mahiyyəti ondan ibarət idi ki, əgər hakimiyyət siyasi müxalifətlə bölünərsə, siyasi müxalifətin qiyamçılara-silahlı müxalifətə dəstəyinin qarşısı alınar. Siyasi müxalifətlə, hərbi müxalifətin birləşməsi ehtimalı aradan qalxar. Və bu məqsədlə o zamankı aparıcı müxalifət qüvvəsi kimi nəzərdə tutulan şəxslərlə - Heydər Əliyev və Etibar Məmmədovla Elçibəy hakimiyyətinin nümayəndələri arasında müəyyən məsləhətləşmələr olmuşdu. Bu mərhələdə Heydər Əliyev həm proseslərə təsir imkanları baxımından, həm də təcrübəsinə görə daha çox üstünlük əldə etdi. Etibar  Məmmədov isə öz üstünlüklərinə – Elçibəyə daha yaxın olması, hərəkatdan gəlməsi, istiqlalın əldə olunmasında xidmətləri və s.-ə əsaslanaraq Əbülfəz bəyin təkliflərini qəbul etmək əvəzinə H.Əliyev və S.Hüseynovla birgə olmağı seçdi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ona görə baş verdi ki, Elçibəy hakimiyyəti Heydər Əliyevdən demokratik hakimiyyətə siyasi dəstək vermək, qiyamçılara qarşı prinsipial mövqe ortaya qoymaq təklifini irəli sürmüşdüsə, Heydər Əliyev bu fürsətdən yararlanıb, faktiki olaraq qiyam nəticəsində hakimiyyətə gəlməyi özü üçün mümkün hesab eləmişdi. Və bu tərzdə fəaliyyət göstərmişdi. Gerçəklik bundan ibarətdir. 

– Hakimiyyəti bölüşmədən bu hadisələrin qarşısını almaq olardı? 
- Bu, hər zaman səslənən sualdır, tarixdə belə sualların məntiqi var. Amma istənilən cavab nəzəri xarakter daşıyır. Çünki tarix bir variantda gerçəkləşir. O zaman da mən fikirləşirdim və indi də o fikirdəyəm ki, qiyamın qarşısı alına bilərdi. Həm qiyam başlamamış daha çox önləyici tədbirlər almaqla, qiyam başlamadan onun qarşısını almaq olardı. Qiyam başlayandan sonra da qiyamı yatırmaq mümkün idi. Mən yenə də o fikrimdə qalıram. Amma dediyim kimi, bu, nəzəri fikirdi. Çünki bu variant tam şəkildə yoxlanılmayıb. 

– 4 iyun hadisələrində katalizator rolunu oynayan partiyalar və şəxslər bu gün öz əməllərinə "Biz Elçibəy hakimiyyətini qorumamalıydiq ki” kimi münasibət bildirirlər. Sizcə, onlar qiyama siyasi dəstək verməməklə dövlətçiliyin yanında olacaqdılar, yoxsa Elçibəy hakimiyyətinin? Ümumiyyətlə, onlar bu fikirlərində nə qədər haqlıdırlar?
- Məsələ burasındadır ki, dövlətlə hakimiyyəti qarışdırmaq olmaz. Bu söz indi də tez-tez təkrar olunur. İndiki mərhələdə, aydın məsələdir ki, Əliyev rejimi özünü dövlətlə eyniləşdirir, özlərinə qarşı istənilən sözü, dövlətə qarşı söz kimi qəbul edirlər. Amma o zamankı mərhələdə, biz aydın şəkildə dövlətin maraqları ilə, hakimiyyətin mövqeyini, fərqli şəkildə görməyə üstünlük vermişik. Yəni özümüzə yönələn tənqidi, dövlətə qarşı tənqid kimi qəbul etməmişik. Təəssüf ki, haqqında danışdığınız siyasi qüvvələr bu fərqli dəyərləri dərk etməyiblər və dövlətə, dövlətçiliyə, demokratik prosedurlara qarşı baş vermiş bir qiyamı sırf Elçibəy hakimiyyətinə qarşı baş vermiş hadisə kimi dəyərləndirib, fürsətdən yararlanmağa üstünlük verirdilər. Və bununla da özlərinin də fürsətçi olduqlarını, özlərinin də dövlətə, demokratiyaya, dəyərlərə yox, şəxsi maraqlara bağlı olduqlarını ortaya qoydular. 

– Bu hadisələrdə qonşu dövlətlərin rolu nə qədər olub? Demokratiya dəyərlərindən danışan dövlətlər bu hadisəyə nə qədər mane oldular? 
- Qonşu dövlətlər dedikdə Ermənistan Rusiyanın bir forpostu kimi bu proseslərin, qiyamın baş verməsində, Azərbaycanda hakimiyyət zəifliyinin gerçəkləşməsində maraqlı qüvvə idi. Məhz bu qiyam və ondan sonra baş verən hadisələr nəticəsində Azərbaycanın 6 bölgəsi Ermənistan və onun arxasında dayanan xarici qüvvələr tərəfindən işğal olundu. Gürcüstan bu məsələlərlə bağlı xüsusi mövqe tutmaq gücündə olan bir dövlət deyildi. Rusiya və İran bu qiyamın arxasında dayanan dövlətlər idi. Türkiyə Elçibəy hakimiyyətinə sayğılı, Azərbaycanın maraqlarına bağlı bir dövlətdir. Ancaq Türkiyədə də müxtəlif siyasi qüvvələr olub və həmin siyasi qüvvələrin hamısı eyni dərəcədə bu məsələyə obyektiv yanaşmayıblar. Fərqli baxışlarla yanaşanlar, yanlış yanaşmalar da olub. Bu, ayrıca bir təhlilin mövzusudur. Beynəlxalq birlik bütövlükdə Azərbaycanın demokratik müstəqil inkişafında maraqlı olub. Amma bir tərəfdən Qərbin özündə də fərqli maraq qrupları var. O maraq qruplarının konkret bu situasiyada maraqlarını yenə də ayrıca ciddi təhlil etməyə ehtiyac var. Üstəlik də ki, realpolitik deyilən bir anlayış var, gerçəkçi siyasət  anlayışı. Bu anlayış baxımından tutaq ki, Elçibəy hakimiyyətinə rəğbətlə yanaşan qüvvələr  də Elçibəy hakimiyyəti süquta uğrayırsa, Azərbaycanda formalaşan yeni hakimiyyətlə münasibətlərə malik olmaq qayğısına qalırdılar. Bu gerçəklik də var. 

– 4 iyun hadisələrindən kimlər qazandı? Kimlər itirdi? 
- 4 iyun hadisələrində Azərbaycan xalqı itirdi. Bütövlükdə hesab edirəm ki, region itirdi. Əslinə qalsa, bəlkə də, bunu bir az yekə söz kimi qəbul edəcəklər, dünya itirdi. Çünki Azərbaycanın demokratik inkişafı Cənubi Qafqazda hadisələrin tamamilə müsbət istiqamətdə getməsinə gətirib çıxardacaqdı. Regionda,  İran kimi, Mərkəzi Asiya kimi ətraf bölgələrdə tamamilə fərqli proseslərin getməsinə gətirib çıxaracaqdı. Hesab edirəm ki, Türkiyədə proseslərin daha sağlam şəkildə davam etməsinə təsir göstərəcəkdi. Nəticədə postsovet məkanında, Şərqi Avropada müsbət proseslərin getməsinə əsas verəcəkdi. Buna görə də 4 iyun bütövlükdə Azərbaycan xalqının və dünyanın itkisidir, xeyir qüvvələrin itkisidir. Şər qüvvələr isə qazandılar. Qiyam nəticəsində hakimiyyətə gələn Əliyevlər və onların ətrafındakı şəxslər fərdi mənada qazandılar. Sözün həqiqi mənasında qazandılar, varlandılar, sərvət sahibi oldular. Bu şər qüvvələrlə əməkdaşlıq edənlər də, istər ölkə daxilində, istərsə də ölkə xaricindəki ayrı-ayrı qüvvələr, ayrı-ayrı şəxslər qazanmış hesab edilə bilərlər. Amma bu, elə bir qazancdır ki, hər zaman, hər kəsin boğazında qala biləcək bir qazancdır. 

– Sizcə, nə zamansa bu hadisəyə hüquqi qiymət veriləcək? Bu hadisənin iştirakçiları qanun qarşısında nə zamansa cavab verəcəklər? 
- Çox yaxşı olardı və istərdim ki, qanun qarşısında cavab versinlər bu hadisəni törədənlər. Bunu tam əminliklə demək mümkün olmur, çünki qiyamın üzərindən 24 il zaman keçib. Hələ də bugünə qədər həmin şəxslərin cəzalandırılması baş tutmayıb. Ən azından konkret qətilləri həyata keçirənlər, Gəncədə Milli Qvardiyanın komandanını, əsgər və zabitlərini öldürənlər. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin nümayəndələrini qətlə yetirənlər, Göyçayda icra başçısının müavinini öldürənlər, başqa bölgələrdə bu cür qətllərdə iştirak edənlər və sırf bu qətllərlə bağlı hadisələrin iştirakçıları və təbii ki, qiyamı törədənlərin qanun qarşısında cavab verməsi çox müsbət bir hadisə olardı. Tarix təbii ki, bunları qiymətləndirir və qiymətləndirəcək də. Eyni zamanda bu qiyama dəstək verənlərin haqqında da siyasətlə məşğul olmaq qadağasının qəbul edilməsi hesab edirəm ki, ədalətli olardı. 

– Bu hadisələr zamanı kimlər cəzalandırıldı? 
- Məni həbs etmişdilər. Elçibəy hakimiyyətinin bir neçə nümayəndəsi həbs olunmuşdu. Bizim üzərimızdə Heydər Əliyev - Surət Hüseynov iqtidarı uzun müddət məhkəmə apardı, istintaq qurdu. Ölüm hökmünü nəzərdə tutan maddələrlə uzun müddət bu proses davam etdi. Sonra mənim haqqımda 4-5 il Bakı şəhərini tərk etmək qadağası istintaq orqanları tərəfindən qüvvədə oldu. Amma sonunda bu məsələ ilə bağlı hökm çıxara bilmədilər. Çünki bu, absurdun-absurdu olardı. Başqa da heç kim bilavasitə 4 iyun qiyamına görə cəzalandırılmayıb. 4 İyun qiyamının bir sıra iştirakçıları cəzalanıblar, amma 4 iyuna görə yox. 1994-cü ilin  oktyabr hadisələrinə, 1995-ci ilin mart hadisələrinə, bəzi başqa hadisələrə görə cəzalandırılan qiyamçılar var, ancaq onların maddələri, ittihamları başqa məsələlərlə bağlıdır. 

– Bu hadisələr zamanı Müdafiə Nazirliyində bir qrup yüksək rütbəli hərbiçi birgə bəyanat yaymışdı ki, ordu siyasətə qarışmır. Bu, nə qədər doğru addım idi? Bu bəyanatı yayanlara qarşı hansı tədbirlər görüldü? Görülmədisə, hansı tədbirlər görülməli idi əslində? Ordu belə məqamlarda hansı mövqedən çıxış edir? 
- Hərbçilər və və digər qüvvə strukturlarının zabitləri təbii ki, siyasətə qarışmamalıdırlar. Amma  onların "mən siyasətə qarışmıram” bəhanəsi ilə əmrə tabe olmamaq hüququ yoxdu. Zabit dövlətə, dövlətin qanununa, rəhbərlərinə tabedir. Ona verilmiş əmrləri yerinə yetirməlidir. Təbii ki, qanunazidd bir əmr verilsə, vicdanlı bir şəkildə belə bir əmrə tabe olmamaq mövqeyi ortaya qoymaq olar. Ancaq ümumi şəkildə "mən siyasətə qarışmıram” bəyanatı verib dövləti, legitim hakimiyyət strukturlarını müdafiədən imtina etmək zabit üçün yolverilməz mövqedir. Təbii ki, həmin şəxslər də qanun qarşısında cavab verməli idilər. Amma bir gerçəklik də var: qiyam baş tutmursa, qiyamçılara və qiyama dəstək verənlərə cəza verilir. Qiyam baş tutandan sonra artıq qiyamçılar başlayırlar qanuni hakimiyyət nümayəndələrinə və qanuni hakimiyyəti müdafiə edənlərə cəza verməyə.

Vüsal Əfəndi
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo