14:36, 14 Oktyabr 2017 (Şənbə) 656

"“30-40 yaşında adam “multik” izləməz” deyə animasayalara baxmırlar"-AUDİOMÜSAHİBƏ

Müsahibimiz 21 yaşlı Qəhrəman Əkbərdir. O, xarici mənbələr sayəsində animasiya düzəltməyi öyrənib. Dostları ilə birlikdə yazdığı ssenarilərə animasiyalar çəkir.

- Qəhrəman bəy, hansı sahə üzrə təhsil alırsınız?
- Bakı Mühəndislik Universitetində, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə təhsil alıram. Hazırda dördüncü kurs tələbəsiyəm.

- Animasiya düzəltməyi haradan öyrənmisiniz?
- Animasiya öyrənmək qərarı verəndə əvvəl mənə çox asan görünmüşdü. Çünki düşünürdüm öyrənməkdən çox, bir animasiyanı düzəltmək daha çətin və uzun prosesdir. Bu bir az məni qorxutmuşdu. Amma öyrəndikcə, bu işin o qədər də çətin olmadığını kəşf etdim. Animasiya düzəltməyi xarici mənbələrdən öyrənmişəm, bəzi xarici dildə kitablar oxuyaraq biliklərimi təkmilləşdirmişəm.

- Hansı animasiya ilə başlamısınız?
- Əvvəllər marağım, xarici, hollivud  tipli animasiyaları Azərbaycanda həyata keçirmək idi. Hətta bir neçə dəfə bununla bağlı layihə də işləmişdim. Təəssüf ki, reallaşdırmaq üçün lazım olan işçi qüvvəsi və maddi yardım olmadı. Mən də özümü bu fikirdən bir müddət uzaqlaşdırdım. Sonra animasiya reklam təklifi gəldi və bu işə həmin animasiya ilə başladım. Zaman-zaman öz yazdığım xırda sketçlərlə də animasiya işimə davam edirdim.

- İndi işlədiyiniz layihənin fikri nə vaxtdan var?
- 2017-ci ilin yanvarından, hərəsi 10 dəqiqə olan animasiya serialı düşünürdüm. Ssenarisini cızma qara etməyə başladım. Animasiyanı öyrəndikcə tək edə bilməyəcəyimi gördüm, animator dostlarla tanış oldum. Sonra "Animaz Entertainment” layihəsinə başladıq. Birgə düzəltdiyimiz animasiyaları yayımladıq. 

- Animasiyanın hazırlanma prosesini danışın...
- Əvvəlcə oturub ssenari yazırıq, sonra personaj dizaynı var. Bir animasiyanın ən önəmli hissəsi personaj dizaynıdı (character design), gərək personaj dizaynı fərqli və özünəməxsus olsun ki, digər animasiyalardan seçilsin. Bu, animasiyanın əsasını təşkil edir. Daha sonra dialoqları yazıb, stroyboard çəkirik. Storyboard – animatorun, animasiyanı daha yaxşı başa düşməsi üçün kağız üzərindəki kiçik kopyasıdır. Ardınca, səsləndirməni edirik. Səsləndirmə peşəkar olmadığı üçün, həmin vaxt kimi tapsaq, onlarla bacardığımız qədər edirik. Sonra əsas animasiya işi başlayır, arxa planlar, "frame by frame" çəkiliş, detalları, ağız sinxronu və sonda montajla bitiririk.

- Komanda da iş bölgüsü necədir?
- Animasiyada vizuallıq 50% təşkil edirsə, digər 50%-i səs təşkil edir. Ancaq ssenari ən vacib ünsurdur. Çünki ssenari yaxşı olsa, animasiyada səs və görüntü yaxşı olmasa da, izlənəcək. Əvvəl, ssenarini dostum Mirtalib yazırdı. Sonra digər dostum Fuad və mən başladıq. Sonra içərisindən seçim edib, düzəldib yayımladıq. Bəzilərini saxlamışıq ki, daha da peşəkar olanda çəkək. Səsləndirməni hələ ki dost-tanışla edirik. Güclü səsləndirmə studiamız yoxdur, müraciət etdiyimiz yerlər isə pul istəyir. Hazırda buna yetəcək maddi gücümüz də yoxdur. Ona görə də müvəqqəti dayandıq.

- Sizcə, Azərbaycanda animasiya sahəsində inkişaf hansı səviyyədədir?
- Azərbaycanda animasiya sahəsində inkişaf olsa da, düşüncələr hələ dəyişməyib. Məsələn, Azərbaycanda böyüklər üçün ilk animasiya serialı var: "Bucağ”. Ondan başqa bu tip animasiyalara rast gəlməmişəm. Daha çox reklam tipli animasiyalar olur, çoxsunun da ssenarisi eynidir. Məsələn, Amerikada hər hansı bir kanalda böyüklər üçün nəzərdə tutulmuş animasiyalar yayımlanır. Bizdə  inkişaf olsa da, insanlar hələ də "30-40 yaşında adam "multik” izləməz” deyə animasayalara baxmırlar. Xaricdəki, ən azı Türkiyədəki animasiya mədəniyyəti bizim ölkədə yoxdur. Buna görə düşüncələri dəyişmək lazımdır, yaxşı animasiyalar düzəltmək lazımdır. Bunun üçün xərc, əziyyət çəkmək lazımdır, iş tək animasiya düzəltməklə bitmir.
 
Müsahibənin audio yazısını buradan dinləyə bilərsiniz:



Səyyarə A.
Toplum.Tv