11:43, 06 Aprel 2018 (Cümə) 99

3 hicab məhbusu azadlığa çıxıb

3 hicab məhbusu azadlığa çıxıb
6 il əvvəl "Hicab qadağasına yox” aksiyasında həbs edilənlərdən 3 nəfər bu gün, aprelin 5-i azadlığa çıxıb. Azadlığa buraxılanlar Tərlan Ağadadasov, Rövşən Allahverdiyev və İlham Hətəmovdur. Onlar cəzalarını çəkib bitiriblər.

Bu haqda AzadlıqRadiosuna azadlığa çıxanlardan Tərlan Ağadadaşov bildirib.

T.Ağadadaşovun bildirdiyinə görə, onlarla birlikdə həbs edilənlərdən bir neçə nəfər hələ də cəza çəkir.

Onlar Davud Kərimov, Telman Şirəliyev və Elşad Rzayevdir. Onların cəza müddəti 6 aydan sonra başa çatmalıdır.

2012-ci il oktyabrın 5-də orta məktəblərdə hicab məhdudiyyətinin ləğv edilməsi tələbi ilə Bakıda etiraz aksiyası keçirilmişdi. Aksiyada polislə qarşıdurma yaşanmışdı.

Həmin vaxt aksiya iştirakçılarından 30-dan çox şəxsin həbs edildiyi bildirilirdi. Onların işinə məhkəmədə bir neçə qrupda baxılmışdı. Əsasən Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunmuşdular.

2013-cü ildə məhkəmə prosesi yekunlaşmışdı. Həmin ilin aprel ayında Nərimanov Rayon Məhkəməsi Tərlan Ağadadaşov, İlham Hətəmov və Rövşən Allahverdiyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar vermişdi. Həbs edilənlərin bəzilərinə isə 1 və 2 il arası cəzalar kəsilmişdi.