15:32, 18 İyul 2018 (Çərşənbə) 483

3 günlük istirahət neçəyə başa gəlir?

3 günlük istirahət neçəyə başa gəlir?
Yay mövsümünün ikinci ayını yaşayırıq. 

Adətən, yay aylarında insanlar istirahət haqda düşünürlər. Vətəndaşlar istirahət etmək üçün ya ölkə daxili regionlara, ya da xarici ölkələrə üz tuturlar. Son dövrdə isə ölkə əhalisinin çox hissəsi qonşu ölkələrə, xüsusilə Türkiyə, Gürcüstana səyahət edirlər. 

Bunu isə regionlardakı qiymətlərin yüksək olması kimi qiymətləndirirlər. 

Toplum tv olaraq, həm ölkədaxili, həm də qonşu ölkələrdə istirahətin insanlara neçəyə başa gəldiyini öyrənməyə çalışdıq. 

Azərbaycanda
 
Yay mövsümündə ən çox səyahət edilən rayonlardan biri Quba rayonudur. Biz də nümunə olaraq elə həmin rayonu götürdük. 

Əgər siz Qubaya  3 günlük səyahəti avtobusla edəcəksizsə, öncədən bilet almağınız məsləhət görülür. Öncədən bilet sifarişinin qiyməti 2, 80 AZN olacaq. Dərhal ödəniş yəni biletsiz xərciniz 4 AZN olacaq. Əgər taksiylə gedəsi olsanız, 10 AZN-dən keçməli olacaqsınız. 
 
 

Onu da bildirək ki, Qubaya gedən taksilər sərnişinləri  Bakının "Şamaxinka" deyilən ərazisində toplanır. Qayıdışda isə Qubadan taksilər Bakıya 15-20 AZN arası gətirir.Ümumi olaraq, Bakı-Quba nəqliyyat xərci avtobusla 5,60 AZN (biletsiz 8 AZN), taksi ilə 25-30 AZN arası başa gələcək. 

Qubada 3 günlük qalmaq büdcədən asılı olaraq, kirayə ev və ya otellə ola bilər. Əgər siz 3 günlük kirayə ev tutacaqsınızsa, ümumi olaraq günlük qiyməti 30-40 AZN-dən hesablasaq 90-120 AZN arası ( şəraitdən asılı olaraq) xərciniz çıxacaq. 

Qubanın mərkəzində oteldə qalmağı planlaşdırırsınızsa, 1 günlük 250-300 AZN pulunuzla vidalaşmalı olacaqsınız. Məsələn, Qubada yerləşən məşhur otellərdən birində bir günlük gecələmək səhər və şam yeməyi də daxil olmaqla  250 AZN olacaq. Günorta yeməyini oteldə yeyəcəksinizsə, toplam 300 AZN xərciniz çıxacaq. Beləliklə, 3 günlük oteldə gecələmək 900 AZN civarında olacaq. 

Qubaya istirahətə gələn insanların ən çox gəzdiyi hissə Çənlibeldir. Əgər siz Qubanın mərkəzindən Çənlibelə marşrutla gəlsəniz- 40 AZN, taksi ilə gəlsəniz 60 AZN ödəyəcəksiniz. Çənlibeldə turistlərin ən böyük əyləncəsi çay boyu qayıq sürməkdir.  Çənlibeldəki otel qiymətləri Qubanın mərkəzindəki otellərdən fərqli olaraq, daha ucuzdur. Məsələn, burdakı otellərdən birində bir günlük qalmaq səhər yeməyi də daxil olmaqla, adambaşına 30 AZN olacaq. Günorta və ya şam yeməyi isə 10-12 AZN arasında olur. Yəni siz 3 günlük Çənlibeldəki oteldə qalmağı planlaşdırırsınızsa, otel xərciniz 165 AZN olacaq.

Bundan başqa, 3 günlük nəzərdə tutulmuş gəzəcəyiniz yerlər kimi Qəçrəş, Təngəaltı, Xınalıq kəndi ola bilər. Bu ərazilərə Qubanın mərkəzindən marşrut və ya maşın xidmətindən istifadə edə bilərsiniz. 

Daha sərfəli versiya isə taksi olacaq. Belə ki, ümumi 150 AZN verməklə həmin bölgələri gəzə bilərsiniz. Lakin marşrutla bir bölgəyə 60 AZN-dən 2 saatlıq səyahət edə bilərsiniz.

Nəticə etibarilə, 3 günlük Quba səyahətiniz minumum 450-500 AZN civarı, maksimum orta qiymətlə 1000-1100 AZN civarı olacaq.

Gürcüstanda

3 günlük səyahətinizi qonşu ölkə Gürcüstanda keçirmək istəyirsinizsə, minumum ortalama xərcləriniz  belə olacaq. Yayda Gürcüstanın  ən çox gəzilən şəhərlərindən biri paytaxt Tbilisidir. Bakıdan Tbilisiyə isə avtobusla gəliş qiyməti 12 AZN-dir. Avtobusla Bakıdan Tiflisə məsafə 9 saatlıq yoldur. Tbilisidən Bakıya qayıdış isə 18 AZN-ə başa gələcək. Ümumi, nəqliyyat xərciniz marşrutla 30 AZN tutacaq.
 
 

Əgər siz Tbilisidə hosteldə qalacaqsınızsa, bir günlük normal şəraitli hostel qiyməti ortalama qiymətlə 10 AZN olacaq.  Bir günlük yemək xərcləriniz kafelərdə 15-20 AZN arası olacaq. Əgər siz normal şəraitli oteldə qalmağı planlayırsınızsa, ortalama qiymətlə bir günlük otel qiyməti   olacaq. Ümumi olaraq, 3 günlük Tbilisidə gecələməniz hosteldə orta hesabla 30 AZN, oteldə isə 75 AZN başa gələcək. 

Tbilisidə 3 gün üçün nəzərdə tutulmuş səyahət məkanları kilsələr, Botanika parkı, kanat, "Mtatismanda" parkı, Tısbağa gölü, Kükürdlü hamam, Tiflis MALL kimi fərqli yerlərdir. 

"Mtatismanda" parkını funikulyor və ya kanatla gəzə bilərsiniz. Funiklyorla ödəniş 2 AZN olduğu halda, kanatla 1 AZN-dir. Bundan başqa, Botanika bağına giriş bileti 2 AZN-dir.
Kükürdlü hamamda isə xidmət qiymətləri normaldır. Xidmətdən asılı olaraq qiymətlər 3-20 AZN arası dəyişir.

Göldə çimmək, katamaranda gəzmək, göl qırağındakı restoran və ya kafelərdə dincəlmək istəyirsinizsə Tısbağa gölü bunun üçün əlverişli və əvəzolunmaz məkan hesab edilir. Burada kafedən istifadə orta hesabla 20 AZN-dir.

Ümumi  Tbilisidə 3 günlük səyahət paketiniz minumum orta hesabla 200-300 AZN civarında olacaq.

Türkiyədə

Yay mövsümünün əvəzolunmaz istirahət ölkələrindən biri də qardaş ölkə Türkiyədir. Türkiyənin İstanbul, Antalya, Bodrum şəhərləri yay boyu turistlərin əsas hədəfi seçilir. 3 günlük səyahət turumuzu isə İstanbulla edək.
 
 

Belə ki, Bakı- İstanbul nəqliyyat xərci avtobusla gediş qiyməti 115 AZN, İstanbuldan Bakıya marşrut xidməti isə 120 AZN olacaq. Toplamda siz avtobus nəqliyyat xidmətinə 235 AZN ödəniş edəcəksiniz. 

İstanbul içi nəqliyyat bizim ölkəyə nisbətən bahadır. Belə ki, 1 gediş metroyla təqribi 1 AZN, avtobusla 1.20 AZN-dir.

Otel qiymətləri şəraitdən asılı olaraq 30 AZN-dən 500 AZN-dək dəyişir. Normal şəraitli və səmərəli qiymətli otellərdən birində siz bir günlük səhər yeməyi daxil olmaqla 50 AZN-ə qala bilərsiniz. 

İstanbulda bir günlük yemək xərcləri kafelərdə 40-50 AZN arası dəyişir. Fastfood qiymətləri 4 AZN-dən başlayır.
 
Turistlər üçün nəzərdə tutulmuş səyahət məkanları isə daha çoxdur. Belə ki, siz Ortaköy, Kadıköy səmtlərini gəzərək muzeylərə səyahət edə bilərsiniz. Muzeylərə giriş baha olduğu üçün MUZEKART almanız məsləhət görülür. Qiyməti isə 48 AZN-dir.

Ayasofyanı görmək istəyirsinizsə, giriş biletinə 15 AZN ödəməli olacaqsınız. Sultan Ahmet-ə giriş isə pulsuzdur.

İstanbulun vazkeçilməz görülməli məkanı isə Kız Külesidir. Bura motorlu balaca gəmiylə gedilir. Gediş-gəliş 12 AZN-dir. 

Ümumi olaraq, İstanbulda 3 günlük səyahət minumum ortalama qiymətlə təxminən 700 AZN-ə başa gələcək. 

Göründüyü kimi, Azərbaycanda regionlarda istirahət etməyin elə də ucuz olmadığının bir daha şahidi oluruq. Görəsən, Azərbaycanda turizm qiymətlərinin baha olması, iqtisadiyyata və turizmə necə təsir göstərir?  
 
 

Yerli insanlara güzəştlər edilsin...

Ekspert Kəniş Qarayev deyir ki, Azərbaycanda turizm qiymətləri adətən xarici turistlərə uyğun olaraq müəyyən edilir. 

Ekspert təklif edir ki, bu sahədə yerli insanlara güzəştlər tətbiq edilməlidir: "Təbii ki, bu yerli vətəndaşlardan gələcək qazancların gözardı edilməsinə və iqtisadiyyatımıza da mənfi təsirlər göstərir. Dolayısıyla yerli və xarici vətəndaşlara qismən de olsa fərqli qiymətlərin uyğulanmasının tərəfdarıyam. Bu prosedurun necə yürüdülməsiylə bağlı isə turizm sektorunda uğurlu olan ölkələrin əsasən də qonşu dövlətlərin təcrübəsindən faydalanmaq lazımdır. Əsasən də Türkiyənin". 

Samirə Əliyeva
Toplum Tv