16:01, 13 İyul 2018 (Cümə) 131

25 cinayət işi qaldırılıb

25 cinayət işi qaldırılıb
İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb və 3 nəfər həbs edilib.

AZƏRTAC-ın məlumatına görə, terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycandan kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.

Başqa şəxslərin də müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin davam etdiyi bildirilir.

İyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisə ilə bağlı 11 nəfərin həbs olunduğu, bir nəfər – Rəşad Böyükkişiyevin isə polisə silahlı müqavimətə görə öldürüldüyü deyilir.

Bundan başqa, criminalinfo, bastainfo saytları zorakılığa çağırışlarda suçlanır, hər iki saytın rəhbərləri bir neçə gündür Bakı Şəhər Prokurorluğunda dindirilir.

Dörd saytın bloklanması üçün rəsmi qurumlara müraciət edilib.


azadliq.org