19:05, 09 Aprel 2018 (Bazar ertəsi) 20

Mərkəzi Bank uçot dərəcəsini endirib

Mərkəzi Bank uçot dərəcəsini endirib
Azərbaycan Mərkəzi Bankı (MB) uçot dərəcəsini endirib. 

"Azadlıq Radiosu"-nun verdiyi xəbərə görə, MB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 13 faizdən 11 faizə düşürülüb.

Faiz dəhlizinin yuxarı həddi 16-dan 14-ə endirilib. Aşağı hədd isə, əvvəl olduğu kimi, 8-də saxlanıb.

Aprelin 9-da mətbuat konfransında MB-nin sədri Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bank xarici və daxili mühitdə baş verən bir sıra prosesləri nəzərə alıb. Bura xarici mühit, valyuta bazarı, monetar (pul) şərait, inflyasiya prosesləri və iqtisadi aktivlik aid edilib.

MB-nin İdarə Heyəti faiz dəhlizləri məsələsinə bundan əvvəl fevralın 12-də baxmışdı. Həmin vaxt uçot dərəcəsi 15 faizdən 13 faizə düşürülmüşdü. Habelə, faiz dəhlizinin yuxarı həddi 18-dən 16-ya, aşağı həddi isə 10-dan 8-ə endirilmişdi.

E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda orta illik inflyasiyanın səviyyəsi birinci rübün yekunlarında 4 faiz olub. 
Mart ayının sonuna olan vəziyyətə görə, ərzaq məhsulları üzrə orta illik inflyasiya 4.5, qeyri-ərzaq malları üzrə 4.3, xidmətlər üzrə isə 2.9 faiz təşkil edib.

Mərkəzi Bankın iqtisadiyyatda və maliyyə bazarlarında baş verən prosesləri diqqətlə izləməyə davam edəcəyini bildirən sədr deyib ki, qurumun İdarə Heyəti faiz dəhlizinin parametrlərini növbəti dəfə iyun ayında müzakirə edəcək. Onun fikrincə, hazırda mövcud olan makroiqtisadi şərait qalarsa, uçot dərəcəsinin azalması mümkündür.

E.Rüstəmov milli valyutanın durumu ilə bağlı da danışıb. O vurğulayıb ki, manatın dəyərdən düşməsinə əsaslar yoxdur.


"Manatın ucuzlaşması üçün heç bir fundamental səbəb görmürük. Artıq bir ildir ki, manatın dollara nisbətdə məzənnəsi sabitdir. Həm də əhali, real sektor iştirakçıları arasında manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər azalıb", - deyən E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını gözlədiklərini ifadə edib.

E.Rüstəmov deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatları 2.2 milyard dollar artıb, 44 milyard dolları keçib.

"Neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatlarımız artacaq", - o, bildirib.

Hazırda 1 ABŞ dolları 1 manat 70 qəpiyə bərabərdir.
 
"Azadliq.org"