11:32, 12 Fevral 2018 (Bazar ertəsi) 133

Həmsədrlər bəyanat yayıb

Həmsədrlər bəyanat yayıb
ATƏT-in Minsk qrupu həmsədrləri ötən həftə regiona səfərlərinə dair bəyanat yayıb.

Həmsədrlər – Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Andrev Schofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk ilə birlikdə fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, 9-da isə Yerevanda prezident Serzh Sargsyan-la görüşüblər. Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa da baş çəkərək regionun de fakto rəhbərliyi ilə görüşüb. Təmsilçilərin Azərbaycanın işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcər rayonlarında da spesifik məkanlara baş çəkdiyi bildirilir.

"Həmsədrlər 2017-ci ilin oktyabrında Cenevrə sammitində, eləcə də daha öncə Vyana və Sankt Peterburq sammitlərində götürülmüş bütün öhdəliklərin xoş niyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.

Həmsədrlər son vaxtlar təmas xəttində baş vermiş itkilərdən dərin narahatlıq bildiriblər. Onlar tərəfləri, Cenevrədə razılaşdırıldığı kimi, gərginliyin azaldılması və atəşkəsə sayqı göstərilməsi üçün əlavə tədbirlər görməyə çağırıblar”, – bəyanatda vurğulanır.

Minsk qrupu həmsədrləri Helsinki Aktının əsas prinsiplərinə uyğun olaraq, münaqişənin dinc yolla həllindən ötrü tərəflərə kömək göstərmək öhdəliklərinə sadiq qaldıqlarını bir daha dilə gətirirlər. Həmin prinsiplərə gücdən istifadə etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını özünün təyin etməsi daxildir.

Həmsədrlər, seçki dönəmini nəzərə alaraq, tərəflərin intensiv danışıqları davam etdirmək niyyətini alqışlayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.