01:57, 04 Fevral 2017 (Şənbə) 475

"Təəssüflər olsun ki, proses yarımçıq saxlanıldı" - Akif Qurbanov

Fevralın 2-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (ingiliscə EITI) İdarə Heyətinin sədri Frederik Reynfeldt (Fredrik Reinfeldt) və qurumun beynəlxalq katibliyin sədri Jonas Moberqlə (Jonas Moberg) Bakıya səfər edib. Koalisiya Şurasının üzvü Akif Qurbanov səfərlə bağlı Toplum.Tv-yə müsahibə verib. 

- Akif bəy, Frederik Reynfeldtin səfəri hansısa zərurətdənmi gerçəkləşdi?

- İdarə heyətinin ötən Astana toplantısı zamanı Koalisiya olaraq müraciət etmişdik ki, sədr yaxın müddətlərdə ölkəyə səfər etsin və ən yüksək səviyyədə görüş keçirilsin. Mədən sənayesində gedən prosseslərdə vətəndaş cəmiyyətinin iştirakının əhəmiyyəti və Azərbaycanda bu sahədə çatışmazlıqların aradan qaldırılması istiqamətində görülməli olan işlər bir daha ölkə rəhbərinin diqqətinə çatdırılsın. Ən azından Vətəndaş Cəmiyyətinin üzləşdiyi problemlərin aradan qaldırılması istiqamətində bir dönüş yaradılmasına cəhd olunsun.

 - Bu səfər Vətəndaş Cəmiyyətinin durumuna hər hansı formada təsir edəcək?

- Bir il yarım bundan qabaq, öncəki İdarə Heyətinin sədri Klare Şortun ölkəyə səfəri olmuşdu və o ölkə başçısı ilə görüşdükdən sonra müəyyən koalisiya üzvlərinin praktik problemlərinin aradan qaldırılması istiqamətində addımlar atıldı. Təəssüflər olsun ki, sonradan yarımçıq saxlanıldı. Bizim də müraciətin məqsədi məhz prosesin davam etdirilməsidir. Problemlərin həlli istiqamətində əsaslı, institutsional addımlar atılmalıdır ki, biz bir daha bu problemlərlə üzləşməli olmayaq. 

- Əsas addımlar deyəndə nəyi nəzərdə tutursunuz?  

- İdarə Heyətinin Azərbaycana dair tələbində göstərildiyi kimi üç məsələ dayanır. Bu üç məsələ bilavasitə QHT-lərin fəaliyyəti üçün hüquqi və praktik mühitin yaxşılaşdırılmasına yönəlib. Burada əsas hədəf də məhz nəticə etibariylə bizim üç qanunvericiliyimizin dəyişilməsinə gətirib çıxarmalıdır: birincisi, QHT-lərin fəaliyyəti, ikincisi, Qrant, üçüncüsü də Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanundur. Hansı ki bu üç qanunda olan 2013-2014-cü ildə baş vermiş Vətəndaş Cəmiyyətinə qarşı başlanılan represiyalar dövrü öncəsi edilən məhdudlaşdırıcı dəyişikliklərdir. 

- Həmin dəyişikliklər indiki durumda faktiki olaraq QHT-lərə təsir edirmi? 

- Həmin dəyişikliklər həm xarici, həm də yerli müstəqil QHT-lərin fəaliyətini mümkünsüz edib. Eyni zamanda Vətəndaş Cəmiyyətinin fəaliyyəti iflic durumundadır.

- Görüşdə danışıqlar hansı istiqamətdə idi?

- Dünənki görüşdə Reinfeldt bizimlə ölkə başçısı ilə görüşün təəssüratlarını bölüşdü və Vətəndaş Cəmiyyətinin durumu ilə bağlı son dəyişikliklərin nədən ibarət olduğunu soruşdu. Biz də ona öz fəaliyyətimizlə bağlı həm hüquqi vəziyyətin, həm də praktik vəziyyətin nədən ibarət olduğunu dedik. Təəssüf ki, burada ciddi dəyişiklikdən söhbət getmir. İdarə Heyətinin də Azərbaycana olan tələbilə bağlı heç bir ciddi addım yoxdur. Prezidentin, Nazirlər Kabinetinin və son dəyişikliklə bağlı verdiyi  fərman və qərar daha çox texniki irəliləyişin əldə olunması ilə nəticələnə bilər.  Amma prossesin mahiyyətini dəyişmir. 

- Prosesin mahiyyəti niyə dəyişmir?

- Çünki onlardan üstün hüquqi qüvvəyə malik qanundaki məhdudlaşdırıcı hallar aradan qaldırılmayıb. Belə olduqda hansısa  pozitiv nəticələrdən danışmaq təəssüflər olsun ki, mümkün deyil".

- Görüş nə ilə yekunlaşdı?

- Bütün bu məsələlər barədə danışdıq. Koalisiyanın mövcud problemləri, nələrlə üzləşməsi, istər maliyyə, istər hüquqi nöqteyi nəzərdən fəaliyyət mühitinin maksimim səviyyədə məhdudlaşdırılması, hökumət tərəfinin koalisiya daxili gərginliklərin yaradılmasında olan rolu və onun ümümi fəaliyyətinə dair əngəllər, həmçinin də Vətəndaş Cəmiyyəti üzvlərinin problemləri ilə bağlı ətraflı məlumat çatdırdıq. O bizim məlumatlar əsasında, mart ayında gözlənilən toplantıda stuasiyanı İdarə Heyətinə çatdıracağını və Azərbaycanın MSŞT prosesində statsunun dayandırılıb-dayandırılmaması ilə bağlı məsələyə baxılacağını dedi.

Gülzar N. Məmmədli
Toplum.TV