21:40, 06 Yanvar 2017 (Cümə) 46

20 Yanvarla bağlı tədbirlər planı təsdiqlənib

20 Yanvarla bağlı tədbirlər planı təsdiqlənib


20 Yanvar faciəsinin növbəti ildönümü bütün ölkədə geniş qeyd olunacaq.

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev bununla bağlı tədbirlər planını təsdiq edib.

Tədbirlər planında 20 Yanvar hadisələri ilə bağlı konfransların, toplantıların, mühazirələrin təşkili, tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayişi etdirilməsi nəzərdə tutulur.

Dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə xaricdə müvafiq tədbirlərin keçirilməsi də planlaşdırılır.

Respublikanın bütün tədris müəssisələrində isə faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək.

20 Yanvar hadisələri zamanı həlak olanların ailələrinə humanitar yardımların verilməsi də tədbirlər planına daxildir.

Sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətin təşkili, saat 12.00-da bütün ölkə ərazisində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də nəzərdə tutulub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Bakıda milli azadlıq mübarizəsinə başlayan dinc əhalini qətlə yetirib. Qırğınlar yanvarın 25-i Neftçalada, yanvarın 26-sı Lənkəran rayonunda da davam edib. Həmin hadisələr zamanı ümumilikdə 131 nəfər dinc sakin qətlə yetirilib, 700-dən çoxu isə yaralanıb.
 
azadliq.org