17:19, 05 Fevral 2018 (Bazar ertəsi) 159

177 əmlak hərraca çıxarılıb

177 əmlak hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 177 dövlət əmlakını hərraca çıxarıb.

Komitənin məlumatına görə, hərraca çıxarılan əmlakların 18-i səhmdar cəmiyyət, 42-i kiçik dövlət müəssisəsi, 82-i qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.

Hərrac martın 6-na təyin olunub.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat sahələrinə aid olduğu bildirilir.

Komitə özəlləşdirilməyə çıxarılan əksər əmlakların sərmayəçilərə yaxşı gəlir mənbəyi ola biləcəyini qeyd edir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Nəqliyyat vasitələri 2008-2009-cu il istehsal tarixlidir. Onların ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir.

Xatırlatma
2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Əsasən, ötən ilin əvvəlindən onlarla hərraclar keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.